2016-04-06
“Lietuvos zinios”: Azərbaycan 20 ildir münaqişəni sülh yolu ilə həll etməyə çalışır













Həll olunmayan münaqişə gec açılan bomba kimidir. Bu sözləri Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın nüfuzlu “Lietuvos zinios” nəşrinə müsahibəsində söyləyib.

Səfir H.Məmmədzadə əmindir ki, 20 ildən çoxdur ermənilərin işğal altında saxladıqları torpaqlardan məhrum olmuş azərbaycanlıların özlərini neçə hiss etdiklərini litvalılar yaxşı başa düşməlidirlər.

Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi yenidən elə bir qüvvə ilə alovlanıb ki, belə vəziyyət atəşkəsin əldə edildiyi 1994-cü ildən etibarən müşahidə olunmayıb. Azərbaycan atəşi birtərəfli dayandırdığını elan edib, amma səmərəli danışıqların tezliklə başlanacağını göstərən əlamətlər hələlik görünmür.

Azərbaycan diplomatının sözlərinə görə, münaqişənin indiki eskalasiyası arzuedilməz olsa da, tamamilə qanunauyğundur. Beynəlxalq birlik 20 ildən çox Azərbaycan ərazilərinin işğalına məhəl qoymamağa çalışır, “dondurulmuş” münaqişəyə barmaqarası baxırdı. Məxsusi olaraq bu münaqişənin həlli üçün Minsk qrupu yaradılmışdı. Qrup sadəcə münaqişənin həlli axtarışlarını imitasiya edirdi. Prezident İlham Əliyev bu yaxınlarda bildirib ki, Azərbaycan danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacaq.

Səfir vurğulayıb ki, hətta bu gün möhkəm barışıq əldə olunsa belə, əgər mühüm və qəti qərarın tapılması istiqamətində heç bir addım atılmasa, heç kəs zəmanət verə bilməz ki, bütün bunlar bir gün yenidən təkrarlanmayacaq.

H.Məmmədzadə nəşrə müsahibəsində bildirib ki, Azərbaycan 20 ildən çoxdur ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışır.

Səfir təəssüflə qeyd edib ki, beynəlxalq birlik Ermənistanı işğal olunmuş ərazilərdən, heç olmazsa, Dağlıq Qarabağ vilayətinə daxil olmayan rayonlardan çıxmağa çağırmaq üçün heç bir tədbir görmür. Litva mətbuatında da həmişə “mübahisəli ərazilər” termini işlənir, halbuki söhbət beynəlxalq birliyin Azərbaycan Respublikasının ərazisi kimi tanıdığı torpaqlardan gedir. Burada “mübahisəli” nə var?

H.Məmmədzadə deyib: “Məndən münaqişənin indiki eskalasiyasında kimin günahkar olduğunu soruşanda, sadəcə deyirəm: 20 ildən çox əvvəl ərazilərimizi işğal edənlər”.

H. Məmmədzadə bildirib ki, hazırda ölkədə vətənpərvərliyin görünməmiş yüksəlişi müşahidə olunur. 20 il dəyişməyən status-kvo insanlara təngə gətirib, onlar bu münaqişənin başa çatması, ədalətin zəfər çalması həsrətindədirlər. Bunun üçün azərbaycanlılar canlarından keçməyə hazırdırlar.

http://lzinios.lt/lzinios/Pasaulis/neissprestas-konfliktas-kaip-uzdelsto-veikimo-sprogmuo/220862


növbəti xəbər əvvəlki xəbər