2016-05-18
Litva Seymində Azərbaycan-Litva dostluq münasibətləri müzakirə edilib

Mayın 16-dan Vilnüsdə səfərdə olan Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, deputatlar Muxtar Babayev və Elşad Həsənovun daxil olduğu nümayəndə heyətinin Litva rəsmiləri ilə görüşləri davam edir.

Mayın 17-də Litva Seyminin spikeri Loreta Qraujinene, xarici işlər nazirinin müavini Andrius Krivas, Seymdə Vətən Birliyi-Xristian Demokratları Siyasi Qrupunun rəhbəri, keçmiş Baş nazir Andrius Kubilius, Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və Litvada yaşayan həmyerlilərimiz ilə görüşlər keçirilib.

Görüşlərdə Milli Məclisin deputatları Azərbaycanın son illərdə iqtisadi, mədəni, təhsil və digər sahələrdə əldə etdiyi nailiyyətlər, həmçinin aprel ayında erməni silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı bölgələrində məskunlaşmış dinc əhalinin yaşadığı məntəqələri iriçaplı silahlardan atəşə tutması nəticəsində təmas xəttində baş vermiş hərbi gərginlik barədə məlumat verilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyi bildirilib. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün bütövlükdə region dövlətləri, sabitliyin bərqərar olmasına törətdiyi əngəl haqqında danışılıb.

Litva Seyminin spikeri Loreta Qraujinene ilə görüşdə Kamran Nəbizadə Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını çatdırıb, onun ölkəmizə səfərlə bağlı dəvət məktubunu qarşı tərəfə təqdim edib. Seymin sədri dəvətə görə minnətdarlığını bildirib, səfərin tarixlərinin diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcəyini qeyd edib. Parlamentlərarası əlaqələrin inkişafından məmnunluq ifadə edən L.Qraujinene ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə əlaqələrin gücləndirilməsinin münasibətlərimizin daha da dərinləşməsinə təkan verəcəyini bildirib.

Vətən Birliyi-Xristian Demokratları Siyasi Qrupunun rəhbəri, keçmiş Baş nazir Andrius Kubilius ilə görüşdə iki ölkə arasında iqtisadi sahədə mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb. A.Kubilius Litvada enerji asılılığının azaldılması məqsədilə son illərdə Klaypedada maye təbii qaz gəmi-terminalının, eləcə də “LitPol Link” və “NordBalt” enerji qovşaqları kimi iri layihələrin həyata keçirildiyini qeyd edib və ölkəsinin Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Muxtar Babayev Azərbaycan tərəfindən energetika sahəsində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib və Yunanıstanın Saloniki şəhərində Transadriatik Boru Kəmərinin (TAP) təməlinin qoyulması mərasiminin keçirildiyini xatırladıb.

Litva xarici işlər nazirinin müavini Andrius Krivas ilə görüşdə iki ölkə arasında geniş spektrdə əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olduğu vurğulanıb. Azərbaycan-Litva əlaqələrinin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb.

Litva Seyminin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə keçirilmiş görüşdə tərəflər qanunverici orqanlar arasında əlaqələrin iki ölkənin inkişaf edən münasibətlərinə mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər. Hər iki ölkənin parlament üzvləri Azərbaycan və Litva arasında dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da genişləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini qeyd ediblər.

Qrupun sədr müavini Mantas Adomenas Litva ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin vacibliyini qeyd edərək Azərbaycanı mühüm bir regionda Litvanın müttəfiqi olduğunu deyib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq münaqişənin sülh yolu ilə, ədalətli həllinin tərəfdarı olduğunu, bunun da yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu bildirib.

Qrupun sədri Yuras Pojela isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəsinin rəsmi mövqeyinin dəyişilməz olduğunu, Litvanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını vurğulayıb. O, Litva Seymində Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun üzvlərin sayının çoxluğuna görə öndə olduğunu, Seymin 141 üzvündən 51-nin qrupa daxil olduğunu qeyd edib.

Bütün görüşlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də iştirak edib.

növbəti xəbər əvvəlki xəbər