2016-05-18
Vilnüsdə Azərbaycan ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə Litva arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə Milli Məclisin nümayəndə heyəti Litvaya rəsmi səfər edib.

Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, Milli Məclisin deputatları Muxtar Babayev və Elşad Həsənovun daxil olduğu nümayəndə heyəti cari il iyunun 16-da Litvanın Energetika və Səhiyyə nazirliklərində görüşlər keçiriblər.

Litva energetika nazirinin müavini Spruoqis Aleksandras ilə keçirilən görüşdə iki ölkə arasında energetika sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Litvanın səhiyyə naziri, Litva Seyminin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun sədri Yuras Pojela ilə keçirilən görüşdə isə Azərbaycan ilə Litva arasında səhiyyə sahəsində əlaqələrin inkişafı, o cümlədən Litvanın səhiyyə sahəsində fəaliyyət göstərən təhsil ocaqlarında azərbaycanlı tələbələrin təhsili məsələləri müzakirə olunub. Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin davam etdirilməsi, dostluq qrupları arasında daha sıx əməkdaşlıq münasibətlərinin vacibliyi vurğulanıb.

Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də iştirak edib.

növbəti xəbər əvvəlki xəbər