2016-05-19
Azərbaycanın və Litvanın regionları arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə və bu ölkədə səfərdə olan Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Klaypeda şəhərinə səfər ediblər. Səfər zamanı Klaypeda şəhərinin meri Vitautas Qrubliauskas və Klaypeda limanının rəhbərliyi ilə görüşlər keçirilib.

Şəhər meri ilə görüş zamanı Azərbaycan və Litva arasında siyasi, sosial, humanitar və iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimizin regionlararası əlaqələrin genişləndirilməsində maraqlı olduğu bildirilib. Əməkdaşlığın inkişafında humanitar sahənin xüsusi rol oynadığı vurğulanaraq, regionlar arasında birbaşa mədəni əlaqələrin qurulmasının vacibliyi qeyd edilib.

Səfər çərçivəsində, həmçinin Klaypeda limanının rəhbərliyi ilə görüş keçirilib. Görüşdə limanın infrastrukturu, imkanları, həyata keçirilən yeni layihələr barədə məlumat verilib, iqtisadi əlaqələrin genişlənməsi, sərmayələrin yatırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

növbəti xəbər əvvəlki xəbər