news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 sentyabr 2018

Azərbaycanın və Litvanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Sentyabrın 6-7-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasında səfərdə olub.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvanın xarici işlər naziri Linas Linkəviçyus, hökumət kansleri Algirdas Stançonitis, Litva Seyminin xarici əlaqələr komitəsinin rəhbəri Yuozas Bernatonis, Litva Prezidentinin siyasi məsələlər üzrə baş müşaviri Neriyus Aleksiejunas, Seymdə Azərbaycan ilə dostluq qrupunun rəhbəri Baltik Assambleyasının Prezidenti Valeriyus Simulik ilə görüşlər keçirib.

Səfər zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Litva Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılıb. Məsləhətləşmələrdə Litva nümayəndə heyətinə Litva xarici işlər nazirinin müavini Darius Skusəviçyus rəhbərlik edib.

Görüşlərdə iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə, əməkdaşlıq ənənələrinə əsaslandığı, bu münasibətlərin bu gün də uğurla genişləndirilməsi və dərinləşdirilməsi barədə müzakirələr aparılıb, ölkələrimizin ikitərəfli olduğu kimi, çoxtərəfli müstəvidə də fəal və səmərəli şəkildə əməkdaşlıq etdiyi bildirilib.

Həmçinin iki ölkə arasında iqtisadi əlaqələr müzakirə edilib, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, mədəniyyət, təhsil, turizm, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər müzakirə edilib. Hər iki ölkənin iqtisadi əməkdaşlıq üçün geniş imkanları əsasında hazırkı ticarət dövriyyəsinin artırılmasının zəruri olduğu vurğulanıb. Hökumətlərarası İqtisadi-Əməkdaşlıq Komissiyasının növbəti iclasında bu məsələ ilə bağlı müvafiq təkliflərin müzakirə edilməsi, zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.

Görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb, Avropa İttifaqının regional münaqişələrə münasibətdə vahid mövqedən çıxış etməsinin zəruriliyi vurğulanıb, mövcud münaqişələrin beynəlxalq hüququn normalarına uyğun olaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət və riayət edilməsi əsasında həll olunmasının labüdlüyü bildirilib.

Azərbaycanın beynəlxalq terrorizmə mübarizəyə verdiyi töhfə və NATO çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi yüksək qiymətləndirilib. Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq müqaviləsinin hazırlanmasının tezliklə başa çatdırılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizi vasitəsilə töhfəsinin əhəmiyyəti qeyd edilib.

Siyasi məsləhətləşmələr zamanı iqtisadi əməkdaşlığın vacibliyi bildirilmiş, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri və Azərbaycanın iştirak etdiyi digər beynəlxalq nəqliyyat qovşaqları haqqında məlumat verilib, bu yolların Litvanın və bölgə ölkələrinin Mərkəzi Asiya və digər Cənub ölkələrinə logistik çıxışları üçün əlverişliliyindən danışılıb. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi, Baltik, Qara dəniz və Xəzəri birləşdirən “Vikinq” nəqliyyat dəhlizi barədə fikir mübadiləsi aparılıb. Ölkə şirkətlərinin bu imkanlardan geniş istifadə etməsi müzakirə olunub.

Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ölkələrimizin müvafiq qurumları arasında uğurla davam etdirilən layihələrin icrası barədə məlumat verilib. Oxşar layihələrin daha çox sahələri əhatə etməsinin arzu olunduğu qeyd edilib.

Görüşlərdə, həmçinin regionda və dünyada baş verən siyasi hadisələrlə bağlı müzakirələr, hazırkı geosiyasi vəziyyətdə ölkələrimizin milli maraqlarına dair fikir mübadilələri də aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti