Vilnüsdə Xocalı soyqırımına həsr edilən “Həyat üçün qan” adlı anım mərasimi keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar “Həyat üçün qan” adlı anım mərasimi keçirilib.
Mərasim Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Litva Seymində Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Vilnüs şəhər Ratuşasında təşkil edilib.
Səfir Həsən Məmmədzadə Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə səfirlik tərəfindən artıq ikinci dəfədir ki, qanvermə aksiyasının təşkil edildiyini bildirib, hər kəsi bu aksiyaya qoşulmağa çağırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün həyata keçirilən beynəlxalq maarifləndirmə kampaniyasının uğurlarından bəhs edən səfir artıq bir sıra ölkələrin qanunverici orqanlarının Xocalı soyqırımını rəsmi şəkildə tanıdığını bildirib.
Litva müstəqilliyini bərpa etdikdən sonra ilk dövlət başçısı olmuş Vitautas Landsberqis çıxışında Azərbaycan və Litvanın tarixi keçmişinin oxşar olduğunu bildirib. O, qətliamların təkrarlanmaması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb, qardaş Azərbaycan xalqına bir daha faciə yaşamamağı arzulayıb.
Litvanın Geosiyasi Araşdırmalar Mərkəzinin eksperti Viktor Denisenko Xocalı soyqırımını hələ son nöqtə qoyulmamış tarixi hadisələrlə müqayisə edib və onu hərbi cinayət adlandırıb: “Xocalı soyqırımına elmi tərəfdən baxsaq, biz onu hərbi cinayət adlandırmalıyıq. İnsani tərəfdən isə əlbəttə ki, bu, insan ağlının çətin dərk etdiyi faciədir. Digər tərəfdən, bu, bir tarixdir və bu tarixin hələ də bir hissəsi çatışmır – ədalət”.
Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter deyib ki, Xocalı qətliamı müstəqil Azərbaycanın tarixində ən kədərli səhifədir. Tarix daim müzakirələr və şərhlər üçün açıqdır, ancaq 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələr heç zaman yaddaşlardan silinməyəcək. O, Xocalı soyqırımı zamanı həlak olmuş insanların xatirəsinin Avropa Azərbaycan Cəmiyyəti tərəfindən hər il yad edildiyini, bu il Strasburqda, Parisdə, Brüsseldə, Londonda və Avropanın digər ölkələrinin paytaxtlarında Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunan anım mərasimlərinin keçirildiyini bildirib.
Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirlik tərəfindən Litva dilinə tərcümə edilmiş videotəqdimat nümayiş olunub.
Sonra Londonda yaşayan həmyerlimiz, tanınmış skripkaçı S.Rakçeyavanın rəhbərlik etdiyi “Pandora” kvartetinin müşayiəti ilə fransız bəstəkarı Pier Tiloyun “Xocalı 613” əsərinin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa edilib.
Tədbir zamanı səfirliyin əməkdaşları və Litvada təhsil alan tələbələrimiz Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Litvada qan azlığından əziyyət çəkən insanlar üçün qan veriblər.
Səfir H.Məmmədzadə Xocalı soyqırımı ilə bağlı Litvanın televiziya kanallarına müsahibə verib.
Anım mərasimi haqqında məlumat Litvanın televiziya kanallarında, “Extrafm” radiosunda, nüfuzlu informasiya agentlikləri və internet portallarında yayılıb.
Bundan başqa, Xocalı soyqırımı haqqında məlumatları geniş oxucu auditoriyasına çatdırmaq məqsədilə litvalı jurnalist Qintaras Visotskas tərəfindən faciə ilə bağlı hazırlanmış məqalə Litvanın “slaptai.lt” internet portalında verilib.