2016-05-26

Vilnüsdə 28 May – Respublika Günü qeyd olunub

Mayın 24-də Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Gününə həsr olunmuş qəbul təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qəbulda Litva Respublikası Seym sədrinin birinci müavini Vidas Qedvilas Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviçius, ətraf mühit naziri Kestutis Treçiokas, Fövqəladə Hallar Departamentinin direktoru, general Remigiyus Baniulis, "LRT" dövlət kanalının baş direktoru Audrius Siauruseviçius, Baş nazirin müşaviri Antanas Vinkus, Seymin Xarici İşlər Komitəsinin sədri Benediktas Yuodka və Seymin üzvləri, təhsil, mədəniyyət və kənd təsərrüfatı nazirlərinin müavinləri, Litvanın siyasi və ictimai xadimləri, universitet rektorları və müəllimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, yerli KİV nümayəndələri, Litvada daimi yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Həsən Məmmədzadə çıxış edərək tədbir iştirakçılarına Respublika Günü haqqında məlumat verib. Səfir çıxışında Şərqdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış demokratik respublikanın fəaliyyəti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərli ilə Azərbaycan dövlətinin regionun qabaqcıl ölkəsinə çevrilməsi haqqında, o cümlədən Azərbaycan və Litva arasında humanitar sahədə həyata keçirilən mədəniyyət layihələr barədə danışıb.

Sonra qonaqlara Azərbaycanlı musiqiçi və bəstəkar Teymur Nadirin rəhbərliyi ilə hazırlanmış musiqi proqramı təqdim edilib.

Proqram çərçivəsində Litvada yaşayan gənc müğənni Ülviyyə Cons-Rəhimovanın ifa etdiyi "Laçın", "Əlvida" və digər mahnılar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Arxiv üzrə axtarış