Litvalı jurnalist bir daha diqqəti erməni terrorizminə yönəldib
Litvanın www.slaptai.lt portalında tanınmış jurnalist, bu portalın rəhbəri Gintaras Visotskasın “Bir daha erməni terrorizmi haqqında” məqaləsi dərc edilib. G.Visotskas Ermənistan prezidenti Serj Sarkisyanın açılış mərasimində iştirak etdiyi İrəvanda Qaregin Njdeyə abidə ucaldılması haqqında yazır.
Litvalı jurnalist Q.Njdenin tərcümeyi-halından bəhs edərkən bu hərbi cinayətkarın “inqilabi terror” ideyalarının heyranı olduğunu, faşist Almaniyasında erməni milli hərbi birləşməsi formalaşdırması, əslən Vedibasar və Naxçıvandan olan azərbaycanlıların sıxışdırılması üçün amansız aksiyalar təşkil etdiyini qeyd edir. G.Visotskas yazır: “Bu generalın sevimli kəlamı “Hitler uğrunda ölən Ermənistan uğrunda ölür” idi.
Jurnalist xatırladır ki, 1982-ci ildə ABŞ-da “erməni terror təhlükəsi" barədə rəsmi bəyanat dərc edilib. Amansız erməni terrorçuları ilə bağlı narahatlığı dilə gətirən rəsmi Vaşinqton onların türk diplomatlarına, həm ABŞ-da, Avstraliyada, həm də Avropada Türkiyəni dəstəkləyən siyasətçilərə qarşı təşkil edilən istisnasız olaraq bütün qanlı aktları nəzərdə tuturdu.
G.Visotskas bir çox mətləbləri izah edən ABŞ-ın bu bəyanatını unutmamağa çağırır. 1973-cü ildən 2002-ci ilədək erməni terrorçuları yalnız Qərbi Avropada 235 terror aktı, 70 qətl, 41 sui-qəsd törədib, 524 nəfəri yaralayıb, 105 nəfər girov götürülüb, onlardan 12-i öldürülüb. Məgər rəsmi İrəvan açıq şəkildə və konkret olaraq bu əməlləri qınayıb?
Litva bunlardan hansı nəticələr çıxarmalıdır? Məqalə müəllifi yazır ki, biz şəhərlərimizdə erməni xaçları qoyulmasına icazə verərkən daha ayıq-sayıq olmalıyıq”.