Azərbaycanın bələdiyyə sədrləri Litvada səfərdə olub
Bakı-APA. Azərbaycan Litva Respublikasındakı səfiri Həsən Məmmədzadə və Litvada işgüzar səfərdə olan Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Tofiq Həsənovun rəhbərliyi ilə bir qrup bələdiyyə sədri Klaypeda şəhərində olublar.
Səfirlikdən APA-ya verilən məlumata görə, Səbail rayon bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov, Sumqayıt rayon bələdiyyəsinin sədri Sultan Əsədov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev, Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilovanın daxil olduğu qrup Klaypeda şəhər meri ilə görüşüb, Klaypeda Dəniz Limanı ilə tanış olublar.
Klaypeda şəhər meri Vitautas Qrubliauskas ilə baş tutmuş görüşdə Azərbaycan və Litva arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, eləcə də Klaypedanın Azərbaycanın şəhərlərindən biri ilə qardaşlıq əlaqələrinin qurulması, Klaypeda şəhərində təşkil olunan mədəniyyət və incəsənət festivallarında Azərbaycan nümayəndələrinin iştirakı və bir çox qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdə V.Qrubliauskas Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşmış əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib və tanışlıq məqsədilə Azərbaycana səfər etməyə razılığını bildirib.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov ilə görüşərək, soydaşlarımızın Litvanın ictimai, siyasi və mədəni həyatındakı fəaliyyətləri ilə maraqlanıblar.