2016-10-18

Litvada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd olunub

Bakı-APA. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Litva Respublikasında silsilə tədbirlər keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, Litva Respublikasının Jurnalistlər evində “Dinamik Azərbaycan” adlı foto sərgi təşkil edilib. Sərgidə cari ilin avqust ayının sonunda sentyabr ayının əvvəlində Azərbaycanda səfərdə olmuş litvalı fotoqraf, “alkas.lt” internet portalının müxbiri Arunas Sartanaviçüsün ölkəmizlə bağlı çəkdiyi şəkillər nümayiş olunub. Şəkillərdə, Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Quba rayonunun dinamik inkişafı göstərilməklə yanaşı, cari ilin aprel ayında erməni silahlı qüvvələri tərəfindən artilleriya qurğularından atəşə tutmuş Tərtərin Qapanlı və Həsənqaya kəndləri də əks olunub.

Sərginin açılışında çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə 12 il əvvəl 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa edilməsi haqqında Bəyannamə qəbul edildiyini bildirərək, bu illər ərzində  ölkəmizin əldə etdiyi siyasi, iqtisadi nailiyyətlərə dair qısa məlumat verib.

O, 70 ildən sonra bərpa edilən müstəqilliyin ilk illərinin heç də sadə olmadığını, respublikamızın Ermənistanın təcavüzünə məruz qaldığını, Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini qonaqların diqqətinə çatdırıb.

Daha sonra çıxış edənlər Litva Jurnalistlər Birliyinin sədri D.Radzyaviçüs, “alkas.lt”  internet portalının redaktoru A.Antanaytis, Vilnüs Esperanto Cəmiyyətinin sədri A.Piliponis şəkillər vasitəsilə Azərbaycanla tanış olmaq imkanın yaradıldığına görə A.Sartanaviçüsə öz təşəkkürlərini bildirib və Azərbaycanın Litvadakı dostlarının sayının gündən-günə artığını qeyd ediblər.

Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyəti tərəfindən qəbul təşkil olunub.

Qəbulda Litva Seyminin üzvü İ.Rozova, Klaypeda şəhər Şurasının üzvləri S.Qendvilas və L.Petraytiene, Rusiyanın Klaypeda şəhərindəki baş konsulu A.Qraçyov, milli azlıqlar icmasının rəhbərləri, ictimai xadimlər, KİV nümayəndələri və Klaypedada yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri çıxış nitqi ilə açan “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı məlumat verib, müstəqilliyin qorunması üçün ölkəmizin çox əziyyətlər çəkdiyini vurğulayıb, Azərbaycanın  multikulturalizm, sülh və əmin-amanlıq şəraitində inkişaf edən müasir ölkə olduğunu bildirib.

Daha sonra Klaypeda şəhər meri adından çıxış edən şəhər şurasının üzvü S.Qendvilas, Seymin üzvü İ.Rozova, Rusiyanın Klaypeda şəhərindəki baş konsulu A.Qraçyov və digər qonaqlar Azərbaycanın inkişafını və nailiyyətlərini qeyd ediblər.

Qonaqlar Azərbaycan haqqında filmə baxdıqdan sonra, onlara “bazar günü” məktəbinin şagirdləri tərəfindən hazırlanmış mədəni proqram nümayiş olunub.

Görkəmli Litva ictimai xadimi Vintsas Kreve-Mitskəviçüsün ev muzeyində təşkil olunan tədbirdə isə litvalı fotoqraf Vitautas Daraşkeviçüsün keçən əsrin 71-73-cü illərində Gəncə şəhərində SSRİ Ordusu sıralarında xidməti dövründə Gəncə və ətraf rayonlarda, eyni zamanda 2015-2016-cı illərdə həmin yerlərə səfəri zamanı çəkdiyi şəkillər nümayiş edilib.

Tədbirdə çıxış edən səfir Həsən Məmmədzadə Vintsas Kreve-Mitskəviçüsün 1909-1920-ci illərdə Bakıda yaşadığını və 1919-1920-ci illərdə Bakıda Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətində konsulu vəzifəsində çalışdığını qeyd edərək, onun 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin təməlinin qoyulmasında və bu ölkələrin beynəlxalq aləmdə de-fakto tanınmasında bir sıra faydalı işlər gördüyünü qeyd edib.

Arxiv üzrə axtarış