2016-11-23

Litva Azərbaycanla neft-qaz və kimya sektoru üzrə münasibətləri daha da inkişaf etdirmək istəyir

Litva hökuməti Azərbaycan ilə neft-qaz və kimya sektoru üzrə münasibətlərini daha da inkişaf etdirmək istəyir.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə “Azərikimya” İstehsalat Birliyində (İB) Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Rikardas Malinauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə danışılıb.

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, Sumqayıtın kimya sənaye mərkəzi kimi yenidən qurulması, “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma, modernləşdirmə işləri və perspektiv layihələr haqqında, eləcə də Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu və “SOCAR-Polymer” MMC barədə qonaqlara məlumat verib.

Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Rikardas Malinauskas ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. O, Litva hökumətinin Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz və kimya sektoruna xüsusi önəm verdiyini qeyd edib. Bu əməkdaşlığın Azərbaycan-Litva münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirib.

“Azərikimya” İstehsalat Birliyində yaradılmış Heydər Əliyev guşəsini ziyarət edən qonaqlara Ulu Öndərin müəllifi olduğu yeni neft strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat verilib, digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatı Kamran Nəbizadə və Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov da iştirak edib.

Arxiv üzrə axtarış