Azərbaycan səfiri Litva Seyminin yeni sədri ilə görüşüb
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin (parlamentin) yeni sədri Viktoras Prantskietislə görüşüb.
Azərbaycanın Litvadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.
H. Məmmədzadə V. Prantskietisi Litva Seyminin sədri seçilməsi münasibətilə təbrik edərək, iki ölkə arasında əlaqələrin səviyyəsindən razılıq bildirib və Azərbaycan-Litva əlaqələrinin bütün sahələr üzrə inkişafının vacibliyini vurğulayıb. O, ikitərəfli münasibətlərdə parlamentlərarası dostluq qruplarının əhəmiyyətini qeyd edərək, Seymdə yenidən formalaşmış Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri ilə tanışlıq görüşünün keçirildiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Litva Seyminin sədri Xəzər dənizindəki neft platformasında yanğın zamanı insanların həlak olması ilə əlaqədar başsağlığı verib. O, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı ölkəsinin rəsmi mövqeyini təkrarlayaraq, Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşdığını, Litvanın Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib və iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.