2016-12-27

Litvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Azərbaycanın Litvadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Milad Bayramı münasibətilə ziyafət verilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Azərbaycanın Litvadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Milad Bayramı münasibətilə Litva Seymində (parlament) yenidən formalaşmış Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvlərinə ziyafət verilib. Cari ilin oktyabr ayında Litva Seyminə keçirilmiş seçkilərdən sonra Seymdə Azərbaycanla parlamentlərarası əlaqələr üzrə 46 deputatdan ibarət yeni qrup yaradılıb. Qeyd edilən qrup üzvlərinin sayına görə Seymdə yaradılmış ən iri beş qrupdan biridir.

Tədbirdə Seymin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri, o cümlədən Seymin sədr müavini Mindauqas Bastis, Litva Jurnalistlər Birliyinin rəhbəri Denius Razyaviçüs, LRT dövlət telekanalının baş direktoru Audris Siaurusyaviçüs, Seymin xarici əlaqələr idarəsinin və protokol xidmətinin əməkdaşları, səfirliyin yaxından əməkdaşlıq etdiyi KİV rəhbərləri və nümayəndələri, Litvada yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz iştirak ediblər.

Ziyafətdə çıxış edən Azərbaycanın Litvada səfiri Həsən Məmmədzadə millət vəkillərinin bəzilərinin təkrar, digərlərinin isə ilk dəfə olaraq Seymə seçilmələri ilə bağlı təbrik edib. Diplomat həmçinin, qonaqları qarşıdan gələn Milad bayramı münasibətilə təbrik edib. Səfir Litva Seyminin keçmiş çağırışında (2012-2016-ci illər) fəaliyyət göstərmiş Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun işindən məmnunluq ifadə edib və yeni formalaşmış qrupun Litva-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

Sonra çıxış edənlər Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədr müavinləri Rasa Budberqite və Mantas Adomenas, Seymin Xarici əlaqələr komitəsinin sədr müavini, 2009-2012-ci illərdə Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri olmuş Eqidiyus Vareykis çıxış edərək Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşüb və ölkələr arasındakı münasibətlərin bundan sonra daha inkişafına və dərinləşəcəyinə əmin olduqlarını vurğulayıblar.

Arxiv üzrə axtarış