2017-01-24

Azərbaycan səfiri Litva Seyminin komitə sədri ilə görüşüb

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin Xarici işlər üzrə komitəsinin sədri Yuozas Bernatonislə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir H. Məmmədzadə Y. Bernatonisi Litva Seyminin üzvü, eləcə də Seymin xarici işlər üzrə komitəsinin sədri seçilməsi münasibətilə təbrik edərək Azərbaycan və Litva arasında parlamentlərarası əlaqələrin səviyyəsindən razılığını ifadə edib. Səfir 2016-cı ilin oktyabr ayında Litva Seyminə keçirilmiş seçkilərdən sonra Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə yaradılmış qrupun üzvlərinin sayının 64 nəfər təşkil etdiyini və bunun da Seymdə üzvlərinin sayına görə Vatikandan sonra ikinci böyük qrup olduğunu vurğulayıb.

Y. Bernatonis isə iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr üzrə qrupun fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Arxiv üzrə axtarış