2017-01-31

Azərbaycan səfiri Litvanın iqtisadiyyat naziri ilə görüşüb

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin iqtisadiyyat naziri Mindauqas Sinkyaviçüsla görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında mövcud iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

H. Məmmədzadə nazirə aprelin 6-8-də Bakıda keçiriləcək 16-cı “Beynəlxalq Azərbaycan Turizm və Səyahət” sərgisində Litva turizm şirkətlərinin iştirakı ilə bağlı Azərbaycanın mədəniyyət və turizm nazirinin dəvət məktubunu təqdim edib.

Səfir iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edərək, Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın, eləcə də Litva Seymində və Azərbaycan Milli Məclisində Parlamentlərarası dostluq qrupunun  fəaliyyət göstərdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Azərbaycanda aparılan iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı barədə məlumat verərək Litva şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib.

M. Sinkyaviçüs Litva və Azərbaycan biznes dairələri arasında əməkdaşlıq münasibətlərinin inkişafına maraq ifadə edib və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.

Arxiv üzrə axtarış