Azərbaycan səfiri Litvanın mədəniyyət naziri ilə görüşüb
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın mədəniyyət naziri Liana Ruokyte-Jonsson ilə görüşüb.
Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasındakı mövcud əlaqələrdən danışılmış və mədəniyyət sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Liana Ruokyte-Jonssonu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edən səfir bu ilin 5-6 may tarixlərində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğu onun diqqətinə çatdırıb.
Azərbaycan və Litva arasında mədəniyyət sahəsində əməkdaşlıqdan söz açan diplomat iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini bildirmiş və son illər ərzində həm Azərbaycanda, həm Litvada mədəniyyət sahəsində təşkil olunmuş beynəlxalq festivallarda hər iki ölkənin mədəniyyət xadimlərinin iştirak etdiyini vurğulayıb.
Nazir L. Ruokyte-Jonsson iki ölkə arasında mədəniyyət sahəsindəki əməkdaşlıqdan məmnunluq ifadə edərək, Litva müstəqilliyinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi istiqamətində aparılan işlərdən danışıb və yüz illik yubileylə bağlı gələn il ölkədə keçiriləcək tədbirlərdə iştirak üçün Azərbaycan musiqi və incəsənət kollektivlərini dəvət edib.