Xarici işlər naziri Elmar Məmmədyarov Litva xarici işlər naziri Linas Linkeviçius ilə görüşüb.
Görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gündəlikdə duran məsələlər müzakirə edildi. İki ölkə arasında münasibətlərin pozitiv inkişafı və ticarət dövriyyəsinin artması təqdir edildi. Tərəflər 1918-ci ildə Azərbaycan Demokratik Respublikası ilə Litva arasında diplomatik münasibətlərin qurulması, Litvanın ADR-də konsulluğunun fəaliyyət göstərməsi və gələn il iki ölkə arasında diplomatik əlaqələrin 100 illiyinin qeyd olunması məmnuniyyətlə vurğuladılar.
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlar barədə həmkarına məlumat verdi. Linas Linkeviçius qeyd etdi ki, Litva sözügedən saziş layihəsi üzrə aparılan danışıqları və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəkləyir. O, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tvinniq layihələrinin əhəmiyyətinə toxunaraq Litvanın Azərbaycan üçün maraq kəsb edən layihələr davam etdirməyə hazır olduğunu dedi.
Görüşdə Azərbaycanla Litva arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunuldu və Hökumətlərarası birgə Komissiyanın fəaliyyətinə nəzər salındı. Tərəflər, həmçinin, iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığın qurulduğunu bildirdilər. Məlumat verildi ki, hazırda Litva universitetlərində 200-dən artıq Azərbaycanlı tələbə təhsil alır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğuladı.
Nazirlər regional enerji və nəqliyyat layihələrini müzakirə etdilər. Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Şimal-Cənub və TAP layihəsi barədə məlumat verdi. Elmar Məmmədyarov Cənub Qaz Dəhlizinin vacib komponentləri olan TANAP/TAP layihələrinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyini dedi. Şimal-Cənub layihəsinin Hind okeanı hövzəsi ilə Baltik dənizi arasında dəmir yol xətti ilə uzlaşma yaratmaq potensialına malik olduğunu deyən nazir Elmar Məmmədyarov bu xüsusda Azərbaycan və Litvanın dəmir yol qurumlarının əməkdaşlığı üçün geniş imkanların olduğunu bildirdi.
Görüşün sonunda nazirlər birgə mətbuat konfransı keçirdilər və kütləvi informasiya nümayəndələrinin suallarını cavablandırdılar.