2017-05-25

Vilnüsdə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Mayın 23-də Azərbaycanın Litvadakı səfirliyində 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qəbulda Litva Seyminin vitse-spikeri İrena Şiauliene, təhsil və elm naziri Yurqita Petrauskiene, Seymin insan hüquqları komitəsinin sədri, Seymdə Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri Valerius Simulik və qrupun üzvləri, Baş nazirin müşavirləri, Xarici İşlər Nazirliyinin idarə rəisləri, Litva universitetlərinin rektor və müəllimləri, Litvanın ictimai-siyasi xadimləri, yerli KİV-lərin nümayəndələri, Litvada yaşayan soydaşlarımız, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak ediblər.

Azərbaycan və Litva dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Həsən Məmmədzadə tədbir iştirakçılarına Respublika günü haqqında məlumat verərək bildirib ki, bu il müstəqilliyin 99-cu ildönümü qeyd edilir. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımız üçün tarixi hadisə olduğunu vurğulayaraq, müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda qurulmuş demokratik respublikanın qırmızı ordu tərəfindən işğal edilməsinə baxmayaraq, dövlətçilik, müstəqillik və demokratiya ideyasının xalqımızın yaddaşından silinmədiyini, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdiyini diqqətə çatdırıb.

Müstəqilliyin ilk illərinin heç də asan olmadığını, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulamış və bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirməyi bacardığı bildirib.

Azərbaycan Prezidentinin uğurlu fəaliyyəti nəticəsində respublikada bir sıra beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirildiyini qeyd edib. Ölkəmizdə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə Birinci Avropa Oyunları, 2016-cı ildə “Formula 1” yarışı, bu günlərdə isə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini və İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının 75 qızıl medal qazandığını diqqətə çatdırıb.

Azərbaycan-Litva münasibətlərindən danışan səfir, iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Litva Seymindəki Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun fəaliyyətindən məmnunluq ifadə edərək, qrup üzvlərinin sayına görə Seymdə ən böyük olduğu vurğulayıb və bu il Azərbaycan-Litva iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının Litvada keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

Litva Seyminin vitse-spikeri İrena Şiauliene qonaqları salamlayaraq, müstəqillikdən sonra Litva Seymi ilə Azərbaycan Milli Məclisi arasında əlaqələrin inkişaf etdiyini və intensivləşdiyini bildirib. O, əlaqələrin tək ikitərəfli deyil, həm Baltik Assambleyası, həm də GUAM Parlament Assambleyası çərçivəsində mövcud olduğunu diqqətə çatdırıb və bayram münasibətilə Azərbaycan xalqını təbrik edib.

Seymin insan hüquqları komitəsinin sədri, Seymdə Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri Valerius Simulik çıxış edərək öz adından və rəhbəri olduğu qrupun adından ölkəmizi Respublika günü münasibətlə təbrik edib. Ölkələr arasında tarixi baxımdan oxşarlığın olduğunu qeyd edən millət vəkili bildirib ki, xalqlar çox çətinliklərlə üzləşib. O, iki ölkə arasında dostluq müstəvisinə söykənən əlaqələrin inkişaf etdiyini diqqətə çatdıraraq, Azərbaycan və Litva arasında münasibətlərin daha da dərinləşəcəyinə əmin oduğunu söyləyib.

Daha sonra Azərbaycandan gəlmiş “Şuşa” muğam ansamblı qonaqlara musiqi proqramı təqdim edib. Müğənni Günay Mehdiyevanın oxuduğu “Sarı gəlin”, “Qarabaş şikəstəsi” və digər mahnılar, eləcə də rəqqasə Müjgan Quliyevanın ifa etdiyi “Qaval” rəqsi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Rəsmi hissədən sonra qonaqlar verilmiş ziyafət çərçivəsində Azərbaycan şərablarının təqdimatı keçirilib.

Arxiv üzrə axtarış