2017-11-24

Litvada “Əli və Nino” filminin təqdimatı keçirilib

Azərbaycanın Litvadakı səfirliyinin təşkilatçılığı ilə noyabrın 22-də Vilnüs şəhərində “Əli və Nino” filminin təqdimatı keçirilib. Səfirlikdən APA-ya daxil olmuş məlumatda bildirilir ki, Litva Milli Kitabxanasının kino zalında təşkil olunmuş mərasimdə ölkə parlamentinin üzvləri, xarici işlər nazirliyinin əməkdaşları, səfirlər, diplomatik korpusunun nümayəndələri, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və Litvada təhsil alan tələbələrimiz iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan səfir Həsən Məmmədzadə Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş ekran əsərinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və gələn il 100 illiyini qeyd edəcəyimiz müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.

 

Səfir azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında yaranmış sevgi və onların müstəqil Azərbaycan uğrunda həmrəylikləri təsvir edilmiş filmin Litvada göstərilməsini əlamətdar hadisə adlandırıb və bunu 2010-cu ildə litva dilinə tərcümə edilmiş eyni adlı əsərin (“Ali ir Nino” kitabı) məntiqi nəticəsi kimi qiymətləndirib.

 

Dini və etnik fərqə baxmayaraq, Əli və Ninonun çətinliklərə sinə gərib ailə qurması, vətənin müdafiəsi uğrunda birgə mübarizəyə qalxması izləyicilər tərəfindən maraqla qarşılanıb. Filmin nümayişindən sonra Azərbaycanın milli şirniyyatı və nar şərabları nümunələri qonaqlara təqdim edilib.

 

Filmin Litvanın digər şəhərlərində də nümayiş etdirilməsi nəzərdə tutulur.

Arxiv üzrə axtarış