Vilnüsdə Xocalı soyqırımına həsr olunmuş qanvermə aksiyası keçirilib
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə bu ölkənin bir çox şəhərlərində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində Litvanın paytaxtı Vilnüs şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunan “qan ver - həyat ver” devizi altında qanvermə aksiyası təşkil olunub. Litva Qan Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə diplomatlarla yanaşı, bu ölkədəki soydaşlarımız, tələbələr, Litva vətəndaşları iştirak ediblər.
Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev səfirlik tərəfindən təşkil olunan qanvermə aksiyasının artıq ənənə halına çevrildiyini, bu tədbirin hər il olduğu kimi, bu il də Xocalı qurbanlarının xatirəsinə həsr edildiyini bildirib. Azərbaycanlı diplomat qeyd edib ki, Xocalı vəhşiliklərini törədən ermənilər qan töküb, həyat alırdılarsa, biz azərbaycanlılar qan verib həyat bəxş edirik.
Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev Xocalı soyqırımının hər bir azərbaycanlının qəlbində dərin yara buraxdığını bildirib.
Litva Qan Mərkəzinin donor şöbəsinin müdiri Pailius Norkus qan verərək həyat bəxş etməklə bu nəcib və böyük anlam daşıyan aksiyada fəal iştiraka görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Vilnüsdən başqa, Litvanın Klaypeda, Kaunas və digər şəhərlərində də Xocalı soyqırımına həsr edilmiş anım mərasimləri, fotosərgilər, fləşmob keçiriləcək.