Litvalı iş adamları Azərbaycanın biznes imkanları barədə məlumatlandırılıblar
Azərbaycanın Litvadakı səfirliyi Alitus Biznes Konsultasiya Mərkəzi ilə birlikdə Alitus şəhərində “Azərbaycan ilə biznes imkanları” mövzusunda tədbir təşkil edib.
Litvanın cənub bölgəsində fəaliyyət göstərən 30-dan çox şirkət və müəssisənin rəhbərliyinin iştirak etdiyi tədbirdə müvəqqəti işlər vəkili Atəş Qırxıyev son illər Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edərək, ölkəmizin iqtisadiyyatının sürətli inkişafından, xarici investorlar üçün yaradılan əlverişli mühitdən danışıb. O, həmçinin yaradılan və fəaliyyətdə olan sənaye parkları və məhəllələri, azad ticarət zonası, il ərzində keçirilən beynəlxalq sərgi və yarmarkalar barədə litvalı iş adamlarına ətraflı məlumat verib.
Attaşe Samir Musayev Ələt qəsəbəsində yaradılan azad ticarət zonası barədə məlumat verərək, bu xüsusi iqtisadi zonanın regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran və Türkiyənin daxil olduğu 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərəcəyini diqqətə çatdırıb və Litva şirkətlərinin nümayəndələrini bu fürsət və imkanlardan faydalanmağa dəvət edib.
Görüş iştirakçılarına Azərbaycandakı sosial, iqtisadi vəziyyəti, həmçinin ölkəmizin ixrac potensialını əks etdirən videoçarx nümayiş etdirilib.
Litvalı iş adamlarını maraqlandıran suallara diplomatlarımız tərəfindən ətraflı cavablar verilib.
Tədbirdə Vilnüs Ticarət, Sənaye və Sənətkarlar Palatasının, Litva Kiçik və Orta Biznes Şurasının rəhbərləri ilə yanaşı, bölgədə fəaliyyət göstərən zavod və fabriklərin direktorları və səlahiyyətli nümayəndələri iştirak ediblər.
Azərbaycan səfirliyi oxşar tədbirlərin Vilnüs ilə yanaşı, Litvanın digər bölgələrində də təşkilini nəzərdə tutub.