Ağstafa rayonu ilə Litvanın Birştonas meriyası əməkdaşlıq müqaviləsi imzalayıblar
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Litvanın Birştonas meriyasının dəvəti ilə bu ölkədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər zamanı keçirilən görüşdə Birştonas şəhərinin meri Niyole Dirqinçiene Azərbaycana, o cümlədən Ağstafa rayonuna səfərlərini xatırlayaraq, ölkəmizdə müşahidə etdikləri sosial-iqtisadi inkişaf layihələrinin onlarda böyük təəssürat yaratdığını vurğulayıb.
O, həmçinin Avropanın tanınmış kurort şəhərlərindən olan Birştonas haqqında ətraflı məlumat verərək, gələcəkdə sosial-iqtisadi yönümlü birgə layihələrin həyata keçiriləcəyinə əminliyini bildirib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda, o cümlədən Ağstafa rayonunda əldə olunan iqtisadi inkişaf göstəriciləri və abadlıq-quruculuq layihələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, imzalanacaq əməkdaşlıq müqaviləsi hər iki tərəf arasında münasibətləri daha da gücləndirəcək.
Sonra mədəniyyət, idman, turizm, sahibkarlıq fəaliyyəti kimi sahələrdə əməkdaşlığı artırmaq məqsədini özündə əks etdirən müqavilə imzalanıb.
Nümayəndə heyəti Birştonasın bir sıra istehsal müəssisələri, mədəniyyət və turizm obyektləri ilə də tanış olub.