2018-10-22

“Əli və Nino” filmi Vilnüsdə Litva dilində nümayiş olunub

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması münasibətilə Azərbaycanın Litvadakı səfirliyi tərəfindən təşkil olunan silsilə tədbirlər davam edir.

Vilnüsün ən böyük film mərkəzi olan “Forum Cinemas Vingis” kinoteatrında səfirlik tərəfindən Litva dilinə tərcümə edilmiş “Əli və Nino” filminin nümayişi olub.

Tədbirdə Litva dövlət və hökumət qurumlarının, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli ictimai-siyasi təşkilatların əməkdaşları, elm və mədəniyyət xadimləri, jurnalistlər, soydaşlarımız, tələbələr iştirak ediblər.

Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev tədbir iştirakçılarına Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasından, bununla bağlı ölkəmizdə və onun hüdudlarından kənarlarda müxtəlif tədbirlərin keçirilməsindən danışıb. O, tədbir iştirakçılarına ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib. Diplomatik nümayəndəliyimizin rəhbəri “Əli və Nino” filminin də məhz Cümhuriyyətin qurulması dövründə baş verən hadisələrdən ilham alınaraq ərsəyə gətirildiyini, Birinci Dünya müharibəsi zamanı Azərbaycanın yerləşdiyi regionda ictimai-siyasi vəziyyətin filmdə çox məharətlə və obyektiv şəkildə təsvir olunduğunu diqqətə çatdırıb.

Diplomat 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin də məhz dövlətçilik ənənələrimizin davamı olduğunu qeyd edib.

Filmdən sonra tədbir iştirakçıları üçün milli yeməklərimizdən ibarət ziyafət verilib.

https://azertag.az/xeber/1206477

Arxiv üzrə axtarış