2018-12-12

Litvada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Litvadakı səfirliyi Vilnüsdə xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım mərasimi keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, Litvada yaşayan azərbaycanlılar, tələbə-gənclər təşkilatlarının fəalları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyəti haqqında danışıb, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Digər çıxış edənlər Ulu Öndərin əziz xatirəsinin qədirbilən Azərbaycan xalqı tərəfindən daima uca tutulduğunu bildirib, Ümummilli Liderin xaricdə yaşayan, o cümlədən Baltik ölkələrində məskunlaşan soydaşlarımıza qayğı və diqqətindən danışıblar.

Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə dair fotokompozisiyadan ibarət sərgi və sənədli film nümayiş etdirilib.

Litvanın Kaunas, Utena, Klaypeda, Şiaulyay şəhərlərində də Ulu Öndərin xatirəsi yad olunub.

Arxiv üzrə axtarış