2019-01-18

Litva Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Litvanın Prezidenti Dalya Qribauskayte Azərbaycanın bu ölkədəki səfiri Tamerlan Qarayevin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan səfirinin şərəfinə Litva Prezidentinin sarayında xüsusi mərasim təşkil edilib, fəxri qarovul düzülüb, Azərbaycan bayrağı asılıb.

Etimadnaməni təqdimetmə mərasimindən sonra keçirilən görüşdə Litva Prezidenti ölkəsinin Azərbaycanla daha sıx iqtisadi münasibətlər qurmaqda maraqlı olduğunu qeyd edib, ticarət, informasiya texnologiyaları, turizm, tələbə mübadiləsi, qida sənayesi, nəqliyyat, logistika və bir çox sahələrdə əlaqələrin möhkəmlənməsi üçün imkanların olduğunu bildirib. Prezident D.Qribauskayte Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu vurğulayıb, Avropa İttifaqı ilə Azərbaycan arasında hazırlanan yeni sazişin qarşılıqlı dialoqun genişləndirilməsinə xidmət edəcəyini deyib.

Sonra səfirlikdə qəbul-ziyafət təşkil edilib. Qəbulda Litva siyasətinin patriarxı hesab edilən, Litvanın ilk dövlət başçısı Vitautas Landsbergis, Seymin üzvləri, dövlət və hökumət qurumlarının rəhbərləri, səfirlər, şəhər merləri, o cümlədən Kaunas şəhərinin meri Visvaldas Matiyoşaitis, Litva ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri, soydaşlarımız iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Tamerlan Qarayev Azərbaycan ilə Litva arasında münasibətlərin daha da möhkəmlənməsi üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında maraqlı olduğumuzu qeyd edib.

Tədbir iştirakçılarına ləziz Azərbaycan milli yeməkləri təqdim olunub.

Məlumat üçün bildiririk ki, 1991-ci ildə Litvanın dövlət müstəqilliyinin tanınması haqqında Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı Tamerlan Qarayev tərəfindən imzalanıb. Litva tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin tanınması haqqında qərarı isə həmin vaxt Vitautas Landsbergis imzalayıb. Bu hadisə keçirilən görüşlər zamanı, həmçinin rəsmi qəbulda da Litva rəhbərliyi və rəsmiləri tərəfindən çox müsbət qarşılanıb və xüsusi rəğbətlə qeyd edilib.

https://azertag.az/xeber/1234612

Arxiv üzrə axtarış