Azərbaycan-Litva parlamentlərarası əlaqələrinə dair müzakirələr aparılıb
Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev Litva Seyminin sədri Viktoras Pranckietis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Seymin sədri səfiri Litvada fəaliyyətə başlaması münasibətilə təbrik edib, Litvanın dövlət müstəqilliyinin Azərbaycan tərəfindən tanınması ilə bağlı Qərarın Azərbaycan Ali Sovetinin Milli Şurası adından Tamerlan Qarayev tərəfindən imzalanmasını və Litvanın müstəqilliyinin Azərbaycan tərəfindən ən həssas taleyüklü dönəmdə tanınmasını xüsusi olaraq vurğulayıb.
Səfir T.Qarayev ölkəmizin Litva ilə qarşılıqlı mənfəət kəsb edən bütün sahələrdə əməkdaşlıq etməyə maraqlı olduğunu bildirib.
Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin mövcud vəziyyətindən bəhs olunub. Litva Seymində ən böyük qrup olan Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun, eləcə də Milli Məclisdə Litva ilə dostluq qrupunun fəaliyyətindən razılıq ifadə edilib. Vurğulanıb ki, Litva Seymində Azərbaycanla dostluq qrupuna 63 deputat üzvdür.
T.Qarayev Seymin sədrinə Azərbaycanın tarixi, inkişafı, son illər dövlət quruculuğu, sosial-iqtisadi sahələrdə uğurla həyata keçirilən islahatlar, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib.
Görüşdə, həmçinin Azərbaycan və Litva arasında ticarət əlaqələrin mövcud potensiala uyğun olmadığı, bu əlaqələrin əməli şəkildə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Avropa İttifaqının Litva vasitəsilə Azərbaycanda həyata keçirdiyi “Tvining” layihəsinin uğurla davam etdirildiyi, iki yüzə yaxın azərbaycanlı tələbənin Litva universitetlərində təhsil aldığı qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.