İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat
Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin noyabr ayının 27-də qurulub. 2007-ci ilin 3 aprel tarixində Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə isə Azərbaycanın Litvada səfirliyi açılıb.
İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası
Azərbaycan və Litva arasında 44 sənəd imzalanmışdır. İmzalanmış mühüm sənədlər aşağıdakılardır:
-
“Azərbaycan Respublikası Prezidenti və Litva Respublikası Prezidentinin Birgə Bəyannaməsi”. Bakı, 8 iyun 2006-cı il. Azərbaycan Respublikasının 276-IIIQ saylı, 10 aprel 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.
-
“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş”. Bakı, 8 iyun 2006-cı il. Azərbaycan Respublikasının 277-IIIQ saylı, 10 aprel 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.
-
“Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsi”. Vilnüs, 13 sentyabr 2007-ci il. Azərbaycan Respublikasının 496-IIIQ saylı, 7 dekabr 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.
-
Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş. Vilnüs, 13 sentyabr 2007-ci il. Azərbaycan Respublikası Prezidentinin 2510 saylı, 23 noyabr 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
-
“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”. Vilnüs, 13 sentyabr 2007-ci il. Azərbaycan Respublikası Prezidentinin 2510 saylı, 23 noyabr 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
-
“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş”. Bakı, 21 aprel 2008-ci il. Azərbaycan Respublikası Prezidentinin 2876 saylı, 20 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
Əsas yüksək səviyyəli görüşlər
Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər dinamik inkişaf etməkdədir. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Son illərdə iki dövlət arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır.
Litva Respublikası Prezidenti Valdas Adamkusun 8-9 iyun 2006-cı il tarixlərində Azərbaycana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Litva Respublikası Prezidentinin Birgə Bəyannaməsi”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı 13 sentyabr 2007-ci ildə Vilnüsdə qəbul olunmuş “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsi”, o cümlədən 7 aprel 2009-cu il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Litva Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi dialoqun gücləndirilməsi və əməkdaşlıq haqqında Memorandum” ikitərəfli münasibətlərə əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas sənədlərdəndir.
Azərbaycan Litva ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Litvaya səfərlər:
13-14 sentyabr 2007-ci il – Prezident İlham Əliyevin rəsmi səfəri;
10-11 oktyabr 2007-ci il – Prezident İlham Əliyevin işgüzar səfəri;
29 noyabr 2013-cü il – Prezident İlham Əliyevin işgüzar səfəri;
21-22 may 2023-cü il – Prezident İlham Əliyevin rəsmi səfəri.
- Azərbaycana səfərlər:
13 oktyabr 2005-ci il – Prezident Valdas Adamkusun işgüzar səfəri;
8-9 iyun 2006-cı il – Prezident Valdas Adamkusun rəsmi səfəri;
19-21 iyun 2007-ci il – Prezident Valdas Adamkusun işgüzar səfəri;
13-14 noyabr 2008-ci il – Prezident Valdas Adamkusun işgüzar səfəri;
2-3 may 2011-ci il – Prezident Dalia Qribauskaytenin rəsmi səfəri;
17-19 may 2022-ci il – Prezident Gitanas Nausedanın rəsmi səfəri.
Baş nazirlərin qarşılıqlı səfərləri
- Litvaya səfərlər:
1-3 aprel 2004-cü il – Baş nazir Artur Rasi-zadənin rəsmi səfəri.
- Azərbaycana səfərlər:
21-22 aprel 2008-ci il – Baş nazir Qediminas Kirkilasın rəsmi səfəri;
7-8 aprel 2013-cü il – Baş nazir Alqirdas Butkyaviçüsün işgüzar səfəri.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Litvaya səfərlər:
10-11 oktyabr 2007-ci il – xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar səfəri;
6-7 dekabr 2011-ci il – xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar səfəri;
28 noyabr 2013-cü il – xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar səfəri;
24-25 aprel 2017-ci il – xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri;
8-9 may 2023-cü il – xarici işlər naziri Ceyhun Bayramovun rəsmi səfəri.
- Azərbaycana səfərlər:
8-10 aprel 2002-ci il – xarici işlər naziri Antanas Valionisin işgüzar səfəri;
7-8 aprel 2009-cu il – xarici işlər naziri Viqaudas Uşatskasın rəsmi səfəri;
13-14 mart 2011-cü il – xarici işlər naziri Audronüs Ajubalisin işgüzar səfəri;
1-2 aprel 2012-cü il, xarici işlər naziri Audronüs Ajubalis, rəsmi səfər;
5-6 mart 2013-cü il – xarici işlər naziri Linas Linkyaviçüsün rəsmi səfəri;
21-22 oktyabr 2014-cü il – xarici işlər naziri Linas Linkyaviçüsün rəsmi səfəri;
29-30 aprel 2021-cü il – xarici işlər naziri Qabrielius Landsberqisin rəsmi səfəri;
25 iyun 2021-ci il – xarici işlər naziri Qabrielius Landsberqisin işgüzar səfəri.
Parlamentlərarası əlaqələr
- Litvaya səfərlər:
5-6 iyun 2006-cı il – Milli Məclisin sədri Oqtay Əsədovun işgüzar səfəri;
3-5 fevral 2022-ci il – Milli Məclisin sədri Sahibə Qafarovanın rəsmi səfəri.
- Azərbaycana səfərlər:
5-7 iyun 2005-ci il – Parlamentin sədri Arturas Paulauskasın rəsmi səfəri;
8-11 fevral 2011-ci il – Parlamentin sədri İrena Dequtienenin rəsmi səfəri;
7-8 noyabr 2019-cu il – Parlamentin sədri Viktoras Prantskietisin rəsmi səfəri.
2011-ci ilin 8 aprel tarixində Azərbaycanın Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Hazırki qrup rəhbəri Nəsib Məhəməliyevdir.
Litva Seymində Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Kazis Starkeviçyusdur.
İqtisadi sahədə əməkdaşlıq:
“Azərbaycan Respublikasının Hökuməti və Litva Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” 2009-cu ildə yaradılmışdır. Komissiyanın indiyədək yeddi iclası keçirilmiş, son iclas 9 may 2023-cü il tarixdə Vilnüsdə keçirilmişdir. İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Litvanın “Klaypedos Nafta” SC şirkəti ilə “Sarmatia” birgə müəssisəsi çərçivəsində uğurlu əməkdaşlıq edir. Azərbaycan Respublikasının “Teleradio” İB və Litva Respublikasının “Vigintos Elektronika”, “TV and Communication sistems” və “TERRA” şirkətləri arasında əməkdaşlıq edilir. Bundan əlavə, Litva Respublikasının dövlət qurumları Azərbaycanda həyata keçirilən Tvininq layihələrində iştirak edirlər.
2012-ci ildə Litva Respublikasının nəqliyyat və kommunikasiya naziri E.Masiulis, 2014-cü ildə Litvanın iqtisadiyyat naziri E.Qustas, energetika naziri Y.Neveroviç, nəqliyyat və kommunikasiya naziri R.Sinkevicüs Azərbaycana işgüzar səfərlər etmişlər. Müxtəlif vaxtlarda iki ölkə arasında iqtisadi sahədə çoxsaylı görüşlər və biznes forumlar keçirilmişdir. Eyni zamanda Litva şirkətləri Azərbaycanda keçirilən sərgi və konfranslarda iştirak etmişlər.
Azərbaycan Respublikası Statistika Komitəsinin məlumatına əsasən 2014-cü ildə Azərbaycan Respublikasının Litva Respublikası ilə ticarət dövriyyəsinin həcmi 30,4 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 29,7 mln. ABŞ dolları, ixracın həcmi 0,7 mln. ABŞ dolları təşkil etmişdir. İdxalın əsas strukturunu mühərrik benzinləri, dərman vasitələri, poçt və aksiz markaları, mebel, süd məmulatları təşkil etmişdir. İxracın əsas strukturunu isə daxiliyanma mühərriklərində yanacaq və yağların süzülməsi üçün avadanlıqlar, sintetik parçalar, reaktiv mühərrik üçün kerosin yanacağı, meşə fındığı təşkil etmişdir.
Azərbaycan Respublikası ərazisində 12 Litva şirkəti qeydiyyatdan keçmişdir. Bu şirkətlər maşın və avadanlıqların təmiri, telekommunikasiya, proqram təminatı sahələrində fəaliyyət göstərirlər.
Azərbaycan Respublikası Prezidentinin 2876 saylı, 20 iyun 1908-ci il tarixli “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq sahələrində Saziş”in icrasını və iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1909-cu il tarixində imzaladığı 579 nömrəli Sərəncama əsasən iki ölkə arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiq edilmişdir. Azərbaycan tərəfindən komissiyanın həmsədri vergilər naziri F.Məmmədov təyin edilmişdir. Litva tərəfindən həmsədr xarici işlər naziri L.Linkyaviçüsdür. Komissiyanın 1-ci iclası 26 may 2010-cu il tarixində Vilnüsdə, 2-ci iclası 2 aprel 2012-ci il tarixində Bakıda və sonuncu 3-cü iclası 28 iyun 2013-cü ildə Vilnüs şəhərində və 4-cü iclası isə 22 oktyabr 2014-cü ildə Şəmkir şəhərində keçirilmişdir.
İkitərəfli əməkdaşlığın digər sahələri:
Azərbaycan Respublikası ilə Litva Respublikası arasında humanitar sahədə əməkdaşlıq inkişaf etməkdədir və iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci ilin 13-14 sentyabr tarixlərində Litva Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” və 12 iyul 2010-cu il tarixində Bakıda Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı Səfirliyi arasında imzalanmış “Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı Səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu” iki ölkə arasında humanitar sahənin inkişafına böyük təkan vermişdir. Bu sənədlərdə ölkələr arasında mədəniyyətin bütün sahələrinin, o cümlədən elm, təhsil, gənclər, ictimai və qeyri hökumət təşkilatların inkişafı nəzərdə tutur.
Azərbaycan Respublikası və Litva Respublikası arasında dostluq əlaqələrinin inkişafında iki ölkənin təhsil sahəsində əməkdaşlığı xüsusi yer tutur. Azərbaycan və Litvanın öndə gedən ali təhsil və elm müəssisələri arasında birbaşa əlaqələr yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na Litva Respublikasının daha üç universiteti (Sağlamlıq Elmləri üzrə Litva Universiteti, Vyantas Maqnus Universiteti və Vilnüs Gediminas Texniki Universiteti) daxil olunmuşdur.
2014-2015-cü tədris ilində Litvanın ali təhsil məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı 206 nəfərə çatmışdır. Bundan əlavə, 4 nəfər tələbə mübadilə proqramı çərçivəsində təhsillərini Litvanın ali təhsil məktəblərində davam etdirirlər.
Litvada səkkiz Azərbaycan diaspor təşkilatı qeydiyyatından keçmişdir. Qeyd olunan təşkilatlar arasında “Günəş” Assosiasiyası və “Azəris” Klaypeda regionunun Azərbaycan Cəmiyyəti Novruz bayramı ilə bağlı tədbirlər keçirirlər.
Litvada 2011-ci ildə aparılmış siyahıya almaya görə ölkədə yaşayan azərbaycanlıların sayı 648 nəfər olmuşdur. Bundan əlavə, Litva ali məktəblərində 190-dən artıq azərbaycanlı tələbə təhsil alır.
Litvada əsas diaspor təşkilatı qismində Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) fəaliyyət göstərir. AYOL 2012-ci ildə yaradılmış və 2013-cü ildə qeydiyyatdan keçmişdir. AYOL əsasən Litvada təhsil alan azərbaycanlı tələbələri özündə birləşdirir. Yaranmasından az müddət keçməsinə baxmayaraq, AYOL artıq Litvanın öndə gələn QHT, gənclər qurumları, eləcə də Azərbaycanın bir sıra gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir, Litvada müxtəlif tədbirlər keçirir.