Notariat əməliyyatlarına dair ümumi məlumat

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətləri səlahiyyətli vəzifəli şəxslər – konsullar tərəfindən aparılır.

 

Konsullar aşağıdakı notariat hərəkətlərini aparır:


1) Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
5) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
6) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
8) şəxsin sağ olması faktını təsdiq edir;
9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
10) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
12) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri  depozitə qəbul edir;
13) icra qeydləri aparır;
14) sənədləri saxlanmaq üçün qəbul edir;
15) dəniz protestləri tərtib edir;
16) sübutları təmin edir.

 

Bundan başqa konsul əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər.

 

Konsul öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının adına və bu şəxslərin adından, həmin konsul ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərini apara bilməz.

 

Notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.

 

Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, konsul imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir.

 

Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədi ona məlum olan dildə imza edir.

 

Notariat hərəkəti yalnız onun üçün dövlət rüsumu ödənildikdən sonra aparılır.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti