news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 yanvar 2017

Cəlil Məmmədquluzadənin əsərləri Litva dilində nəşr olunub

Cəlil Məmmədquluzadənin əsərləri Litva dilində nəşr olunub

Bakı, 9 yanvar, AZƏRTAC

Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin əsərləri XX əsrdə ana dilindən başqa yalnız rus və fars dillərində kitab halında nəşr edilib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yazıçının əsərlərinin dünya ölkələrində nəşr olunması sahəsində mühüm addımlar atılmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə C.Məmmədquluzadənin dram və nəsr əsərlərindən, publisistik məqalələrindən seçmələr tədqiqatçının “Ön söz”ü və təqdim etdiyi fotomateriallarla birlikdə Rusiyada (1999), Pakistanda (2004), Misir Ərəb Respublikasında (2008), Macarıstanda (2012) və Gürcüstanda (2016) kitab halında çap edilərək həmin ölkələrin ictimaiyyətinə çatdırılıb, böyük maraq doğurub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu günlərdə C.Məmmədquluzadənin “Nigarançılıq” adlı daha bir kitabı Litva Respublikasının paytaxtı Vilnüs şəhərində nəşr edilib. Kitaba görkəmli yazıçının “Danabaş kəndinin əhvalatları” povestindən bir parça, “Poçt qutusu”, “Kişmiş oyunu”, “Dəllək”, “Pirverdinin xoruzu”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı”, “Xanın təsbehi”, “Qəssab”, “Zırrama”, “Rus qızı”, “Saqqallı uşaq”, “Buz”, “Hamballar”, “Bəlkə də qaytardılar”, “İki ər” hekayələri, “Niyə məni döyürsünüz” felyetonu və “Kamança” pyesi daxil edilib. Kitabın ideya müəllifi və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəylidir. C.Məmmədquluzadənin əsərlərini Litva Dövlət mükafatı laureatı, Yazıçılar İttifaqının üzvü, professor İrena Aleksaite və Litvada yaşayan tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyev tərcümə ediblər. Tərcüməçilər görkəmli yazıçının əsas qayəsini və orijinalın koloritini Litva oxucularına çatdıra biliblər.

Akademik İ.Həbibbəylinin “Nigarançılıq” kitabına yazdığı “Cəlil Məmmədquluzadə-Molla Nəsrəddin-Mirzə Cəlil” adlı “Ön söz”də Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından olan böyük demokrat yazıçının tərcümeyi-halının əsas məqamları, əsərlərinin ən mühüm ideya-bədii xüsusiyyətləri və dünya şöhrəti litvalı oxuculara çatdırılıb. M.Həmzəyev tərcümənin doğru anlaşılması və C.Məmmədquluzadənin əsərlərinin milli koloritinin asan qavranılması üçün kitaba “İzahlar” əlavə edib.

Litva dilində çap olunan “Nigarançılıq” kitabında görkəmli karikatura ustaları Oskar Şmerlinq, Əzim Əzimzadə və qravüraçı rəssam Elturanın karikatura və rəsmlərindən istifadə olunub. Kitabın üz qabığında “Molla Nəsrəddin” jurnalının 1906-cı ildə çap olunan birinci nömrəsindən O.Şmerlinqin çəkdiyi “Müsəlman dünyasının oyanması” rəsm əsəri verilib. Annotasiyada Azərbaycan ədəbiyyatının klassiki, tənqidi realizmin və satirik mətbuatın banisi C.Məmmədquluzadənin xalq həyatını realist əks etdirdiyi, “insanların azad və ləyaqətlə yaşamasına mane olan halları satira atəşinə tutduğu” xüsusi qeyd edilib. Litvada nəşr olunan “Nigarançılıq” toplusu görkəmli ədibin Baltikyanı ölkələrdə çapdan çıxan ilk kitabıdır.

C.Məmmədquluzadənin “Nigarançılıq” kitabının tərcüməsi və nəşri Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Hazırda akademik İ.Həbibbəyli C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsini dünyanın 25 dilində müqəddimə, foto və illüstrasiyalarla birlikdə çapa hazırlayır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti