news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 oktyabr 2017

Litvalı müxbirlər işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər

Litvanın “Lietuvos jinios” qəzetinin müxbiri Aidanas Praleika və fotoqraf Romualdas Jurgaitis Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

AZƏRTAC xəbər verir ki, Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra qonaqlar Cocuq Mərcanlı kənd tam orta məktəbinə gəliblər.

Media nümayəndələrinə Ermənistan ordusunun işğal olunmuş ərazilərdə törətdiyi vəhşiliklər, kəndin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.

2016-cı ilin aprel döyüşlərinə qədər Lələtəpə yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

Xarici KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna köçüb. Kənddə tikinti işlərinin növbəti mərhələsində isə 100 evin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılır. Tikinti işləri başa çatdıqdan sonra buraya Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək.

Qonaqlar məktəb ilə tanış olandan sonra Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə gəliblər. Bildirilib ki, işğalçı Ermənistan ordusu zəbt etdiyi ərazilərdə etnik təmizləmə apararaq azərbaycanlıları dədə-baba torpaqlarından çıxarıb, yaşayış məntəqələri talan edilərək yandırılıb, tarixi və dini abidələr məhv edilib. Şuşa məscidinin eynisinin Cocuq Mərcanlıda inşa edilməsi isə rəmzi məna daşıyır. Bu o deməkdir ki, biz Cocuq Mərcanlı kəndi kimi digər işğal olunmuş torpaqlarımızı da azad edəcəyik və gün gələcək Şuşadakı məscid də bərpa olunacaq.

Litvalı media nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları da cavablandırılıb. Məlumat verilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, minlərlə insan öldürülüb və yaralanıb, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan təcavüzkar siyasətindən indi də əl çəkmir. İşğalçı ordu təmas xəttinə yaxın yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.

“Lietuvos jinios” qəzetinin əməkdaşları sonra ön xəttə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, Ermənistan ordusunun xarabalığa çevirdiyi evlərin dağıntılarına baxıblar.

Litva qəzetinin müxbiri Aidanas Praleika AZƏRTAC-a müsahibəsində bildirib ki, səfərdə əsas məqsəd işğaldan azad edilmiş Azərbaycan ərazisi ilə tanış olmaqdır. Bundan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, qeyri-hökumət təşkilatlarında görüşlər keçirəcək. Litvaya qayıtdıqdan sonra gördükləri ilə bağlı məqalələr hazırlayacaq, Azərbaycan həqiqətlərini öz oxucularına çatdıracaq.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti