news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 mart 2016

Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat qəbul edib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar BMT baş katibinə, Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın başqa ölkələrdəki və xarici dövlətlərin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarına bəyanat ünvanlayıb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, bəyanatda deyilir: “Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İrandan və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb”.

Qeyd olunub ki, Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də yeddi ətraf rayonu işğal edib, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulub.

Bildirilib ki, xalqımıza qarşı törədilən qanlı faciələr sırasında 1918-ci ilin mart soyqırımı özünün ağır nəticələri ilə seçilir. O vaxt Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə adı ilə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədini güdən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər insanları diri-diri yandırıb, nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb.

Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda martın 31-də və aprelin 1-2-də törətdiyi qırğınlar kütləvi şəkil alıb, erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Qırğınların davam etdiyi dövrdə ölkə ərazisində yüz minlərlə azərbaycanlı, o cümlədən Bakı və ətraf kəndlərin 30 mindən çox sakini milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb. Bu zaman ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıb. Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb, karvansarada vəhşicəsinə öldürülmüş insanların meyitləri elə oradaca yandırılıb.

Bəyanatda diqqətə çatdırılıb ki, azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, 7 min nəfər öldürülüb. Şamaxı şəhəri və ətraf kəndlərdə törədilmiş soyqırımı hadisələri haqqında bu gün arxivlərdə 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarının olması bu bölgədə baş vermiş faciələrin miqyasını bir daha göstərir. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ martın ortalarında 2 min erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur.

Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan edib, erməni hərbi dəstələri 122 kəndi yandırıb, günahsız insanları, o cümlədən qadınları və uşaqları qətlə yetiriblər. Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılıb, yüzlərlə günahsız insan öldürülüb, neçə-neçə ev talan edilib və yandırılıb.

Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız dəhşətli soyqırımına məruz qalıb. Aradan illər keçsə də, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.

Vurğulanıb ki, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı erməni separatçılarının törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı onların vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

Ombudsmanın bəyanatında xüsusi qeyd olunub ki, Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Eyni zamanda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.

Qeyd olunub ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməyib, dinc insanları qəddar üsullarla kütləvi qırğına məruz qoyaraq, cinayətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrə, tarixi saxtalaşdırmağa və öz xeyirlərinə yazmağa əl atıblar.

“Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd məlum qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnamə, Avropa Şurası Parlament Assambleyası Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnamə və 1690 saylı tövsiyə, həmçinin Avropa Parlamenti Dağlıq Qarabağla bağlı 2013-cü il oktyabrın 23-də qətnamə qəbul etsələr də, Ermənistan bunları hələ də yerinə yetirmir. Halbuki bu qətnamələrdə birmənalı olaraq, Ermənistandan öz hərbi qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb edilib.

“Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim səy göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün bərpasına nail olacağımızı dəfələrlə bəyan edib.

Dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir, problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır. Qeyd olunmalıdır ki, ABŞ-ın Nyu-York ştatının Senatı və Nyu-Cersi ştatının Baş Assambleyası 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü tanıyan qətnamələr qəbul ediblər.

Bir daha bəyan edirik ki, bu soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib. Dünya birliyinə və mötəbər beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, uzun müddət davam edən bu münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına kömək göstəriləcəyinə əminliyimizi ifadə edirik.

Ümid edirik ki, bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində səylər göstərəcəklər. Ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaqdır. Hər bir kəsin, hər hansı bir zəmində ayrı-seçkiliyə yol verilmədən tanınmış fundamental insan hüquq və azadlıqlarının təmin olunması üçün real imkanlar yaranacaq”, - deyə bəyanatda qeyd olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti