news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 may 2017

Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu barədə APA-ya Azərbaycanın Litvadakı səfirliyindən bildirilib.

Məlumata görə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycanın Litva Respublikasındakı səfiri Həsən Məmmədzadə, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Nəbizadə, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov və Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Akif Vəliyev Litva Respublikasının Trakay rayon Bələdiyyəsində olublar.

Trakay rayon Bələdiyyəsinin və şəhər sovetinin üzvləri ilə keçirilmiş görüşdə rayonun meri Edita Rudeliene iki il öncə Litva Bələdiyyələri Assosiasiyası ilə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası arasında başlanmış əməkdaşlığın nəticəsi olaraq, Trakay rayonu ilə Qazax rayonu arasında əməkdaşlıq haqqında Saziş imzalanacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mer bir il əvvəl Litva Bələdiyyələri Assosiasiyasının tərkibində Azərbaycanda səfər etdiyini  bildirərək, Azərbaycanın çox gözəl ölkə olduğunu və ölkəmizdən böyük təəssüratlarla qayıtdığını vurğulayıb.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Qazax və Trakay rayonlarının qədim tarixə malik olduğunu qeyd edib, iki şəhər arasında əlaqələrin inkişaf edəcəyinə əmin olduğunu söyləyib.

Litva Seymində Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun üzvü Yonas Liyesis çıxış edərək, Trakay rayonu ilə Qazax rayonu arasında əməkdaşlığın təməlinin qoyulduğunu qeyd edib və əməkdaşlığın bütün sahələr üzrə inkişaf etməsini arzulayıb.

Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Nəbizadə çıxışında il ərzində aparılmış işlərin nəticəsi olaraq Trakay rayon Bələdiyyəsinin binasında iki rayon arasında saziş imzalanacağını qeyd edib və regionlararası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin daha inkişaf etməsində töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax rayonunun tarixi, mədəni həyatı barədə geniş məlumat verib, Qazaxın dahi sairlər və yazıçılar məkanı olduğunu diqqətə çatdırıb.

Trakay rayonu haqqında təqdimat nümayiş edildikdən sonra Qazax rayonu və Trakay rayonu arasında əməkdaşlıq haqqında Sazişin imzalanma mərasimi keçirilib.

Sənədi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Trakay rayonunun meri Edita Rudeliene imzalayıb.

Sazişə əsasən, hər iki tərəf mədəniyyət, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirməyə çalışacaqlar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti