news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 may 2018

Litva Seymində Ramiz Çekanaviçyusun fərdi sərgisi açılıb

Litva Seymində Azərbaycan əsilli litvalı fotorəssam Ramiz Çekanaviçyusun “Analıq” adlı fərdi sərgisi açılıb. Sərgi Litva parlamentinin deputatı, Litva-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü Lauras Statsyaviçyusun köməyi ilə təşkil edilib.

Sərginin açılışında L. Statsyaviçyus rəssamı qonaqlara təqdim edərək, onun həyat və yaradıcılığından danışıb.

Ramiz Çekanaviçyus əslən Gəncədəndir. Onun atası azərbaycanlı, anası litvalıdır. Gələcək rəssam 1972-ci ildə anası ilə Litvaya köçüb. 1999-cu ildən Litva Fotorəssamlar İttifaqının üzvüdür. Ramiz yaradıcılığını əbədiyaşar bir mövzuya - ana obrazına, ana ilə bala arasındakı qırılmaz tellərə həsr edib.

Fərdi sərgi təşkil etmək imkanı yaratdıqlarına görə Litva Seyminə və Azərbaycan səfirliyinə təşəkkür edən R. Çekanaviçyus bildirib ki, onun başlıca məqsədi qadının öz ailəsi və bütövlükdə dünya üçün tükənməz enerji, fərəh, gözəllik və nur mənbəyi olmaq kimi böyük missiyasını bir daha nümayiş etdirmək olub. O deyib: “Əminəm ki, bu layihə hər ikisini doğma saydığım Litva ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə daha bir töhfə olacaq”.

Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev həmvətənimiz üçün Seymin binasında fərdi sərgi açmaq imkanı yaradıldığına görə sərginin təşkilatçılarına təşəkkür edib. O, Azərbaycan ailələrində anaya qayğıkeş münasibətdən danışaraq deyib: “Əbəs yerə demirlər ki, cənnət anaların ayaqları altındadır. Biz analarımıza ehtiram göstərməklə, onların qayğısına qalmaqla uşaqlarımıza örnək oluruq”.

”Analıq” layihəsi dörd dövrü əhatə edir: hamiləlik, doğuluş, körpəlik, yaşlı həyat. Fotoəsərlərin çoxu bütün mərhələlərdə nümayiş etdirilib.

Layihə 2004-cü ildə - Litvanın Avropa İttifaqına üzv qəbul edilməsindən bir ay əvvəl Avropa Parlamentində təqdim edilib. Bu, litvalı rəssamın Avropa parlamentində ilk fərdi sərgisi olub.

Sərgi Litva Prezidenturasında da təşkil edilib. Onun açılışında ölkənin birinci xanımı Alma Adamkiyene iştirak edib. Fotoəsərlər üç dəfə Litva Seymində sərgilənib. Onlardan birini Litvanın Baş naziri Gediminas Kirkilas açıb. Ramizin fotoşəkilləri mükafatlara layiq görülüb.

Həmvətənimizin sərgisində “Daynava” Kaunas Dövlət Ansamblının “Bride” kollektivinin ifasında Litva xalq mahnıları səslənib.

https://azertag.az/xeber/1161992

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti