news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 may 2018

Vilnüsdə AXC-nin 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Vilnüsdə Azərbaycanın Litvadakı Səfirliyi Respublika Günü münasibətilə tərəfindən rəsmi qəbul və konsert proqramı təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Litva Seyminin rəhbərliyi və millət vəkilləri, Litva Hökumətinin üzvləri, bu ölkədə akkreditə olunan çox saylı səfirlər və diplomatik nümayəndəliklərin rəhbərləri, məşhur mədəniyyət xadimləri, iş dünyasının öndə gələn nümayəndələri, dövlət və ictimai təşkilatların rəhbərləri, soydaşlarımız iştirak ediblər.

Azərbaycan və Litva dövlət himnləri səsləndikdən sonra Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev tədbir iştirakçılarını salamlayaraq, şərqdə ilk demokratik parlamentli Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasınını 100 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda böyük çoşğu ilə qeyd olunduğundan bəhs edib, Cümhuriyyət haqqında məlumat verib. Diplomatik nümayəndəliyimizin rəhbəri öz çıxışında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi iki il varlığını sürdürməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçiliyinə qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərdən olub.

Azərbaycanlı diplomat qeyd edib ki, 1991-ci ildə Azərbaycan 20-ci əsrdə ikinci dəfə müstəqilliyinə qovuşub: "Həmin vaxt Azərbaycan xalqı ən çətin dövrünü yaşayırdı. O illərdə Azərbaycan xalqı üçün artıq ikinci dəfə müstəqilliyini qorumaq müstəqilliyini əldə etməkdən daha çətin idi. Sanki tarix təkrarlanırdı. Azərbaycan xalqı dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdaraq, nəinki bu təhlükəni sovuşdurdu, hətta güclü, qüdrətli Azərbaycan dövlətinin qurulması üçün zəmin yaratdı. Bu gün Azərbaycan bu möhkəm təməl əsasında uğurla inkişaf edir, beynəlxalq əlaqələrini günü gündən genişləndirir və bütün dünyada etibarlı tərəfdaş kimi tanınır".

Tədbir iştirakçılarına məlumat verən Atəş Qırxıyev Azərbaycan-Litva münasibətlərindən danışaraq qeyd edib ki, tarixi mənbələrə görə, Azərbaycan – Litva dövlətlərarası münasibətlərinin tarixi XV əsrdən hesablanır. Belə ki, Ağqoyunlu və Səfəvi dövlətləri XV əsrin ikinci yarısı və XVII əsrin əvvəllərində bir sıra Avropa ölkələri ilə, o cümlədən, əvvəlcə Böyük Litva Knyazlığı, daha sonra Reçpospolita ilə rəsmi əlaqələr qurublar. XX əsrin əvvəllərində Bakıda yaşayan litvalılar Azərbaycanın ictimai həyatında fəal rol oynayıblar.

Sonra Azərbaycan etnik folklor musiqisi təqdim olunub, muğam ifa edilib, xalq mahnılarından nümunələr səslənib. Tədbir iştirakçıları ölkəmizə həsr olunmuş müasir Azərbaycan foto sərgisi ilə tanış olublar. Qonaqlara ləziz Azərbaycan təamları, milli yeməklər, içkilər və şirniyyat ikram edilib.

Bundan əvvəl səfirlik Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan xalq sənət əsərlərinin sərgisini keçirib, Azərbaycan muğamı ilə Litva cazının sintezi ilə etno-folklor konsert proqramı təşkil edib, “Əli və Nino” filminin litva dilində tərcüməsi ilə təqdimatını həyata keçirib.

İl boyu bu cür tədbirlərin davam ediləcəyi gözlənilir.

https://az.trend.az/azerbaijan/culture/2908212.html

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti