news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 fevral 2018

Vilnüsdə Azərbaycan xalq sənət əsərlərinin təqdimatı keçirilib

Vilnüs şəhərində Azərbaycan xalq sənət əsərlərinin təqdimatı keçirilib.

Ölkəmizin Litvadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə xalq sənət əsərlərinin sərgisi təşkil olunub. Sərgidə, sənət əsərlərindən nümunələr – xalqımızın adət-ənənələrinin təsvir olunduğu kompozisiyalar, neftlə çəkilmiş rəsm əsərləri, musiqi alətləri, xalçalar, kəlağayı, suvenirlər və bir çox xüsusi əl işləri nümayiş etdirilib.

Tədbirdə Litvanın turizm və mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlarının nümayəndələri, mütəxəssisləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, kütləvi informasiya vasitələrinin əməkdaşları, Litvada işgüzar səfərdə olan Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev çıxış edərək, sərginin Azərbaycan Xalq Cümhuriyyətinin və Litvanın dövlət müstəqilliyinin bərpasının 100 illiyinə həsr olunduğunu bildirib, tədbir iştirakçılarına ölkəmizin mədəniyyət və incəsənətindən bəhs edib, son illər vüsətlə inkişaf edən Azərbaycanın turizm potensialından danışıb. O, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin Litvada işgüzar səfərdə olduğunu, bu ölkənin Vilnüs, Druskininkay, Trakay, Briştonas şəhərlərində görüşlər keçirdiyini vurğulayıb. Qeyd edib ki, nümayəndə heyətinin tərkibində olan Gəncə, İsmayıllı, Şəmkir, Kürdəmir, Biləsuvar Regional Mədəniyyət və Turizm idarələrinin rəhbərləri Litvanın turizm potensialının idarə olunması, marketinqi kimi sahələrdə təcrübə mübadiləsi aparıblar.

Tədbir çərçivəsində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov Qəbələ şəhərinin 2020-ci il üçün İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Turizm Paytaxtı seçilməsi ilə əlaqədar şəhər və bölgə haqqında videotəqdimatla çıxış edib, bölgənin tarixi, mədəniyyəti və turizmi haqqında geniş məlumat verib.

Konsert proqramı ilə davam edən tədbirdə Litvanın tanınmış müğənnilərindən olan Litva İncəsənət və Musiqi Akademiyasının dosenti Yudita Leitaite Azərbaycan və Litva mahnılarını səsləndirib, birbinə Litva xalq musiqi alətinin mahir ifaçısı Nikodemas Vaineikis və Paulina Daukşite skripkada Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin, Fikrət Əmirovun əsərlərindən parçalar ifa ediblər.

Tədbir iştirakçılarına və qonaqlara Azərbaycan təamları, şirniyyatlar, şəkərbura, paxlava, halva çeşidləri və şərablar təqdim olunub.

Sərgi barədə Litvanın bir çox KİV-ində məlumatlar dərc olunub, Penk TV-də və Aalkas internet portalında reportajlar yayımlanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti