news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 iyun 2016

Vilnüsdə “Millətlərin Qafqaza köçü. XX əsr” kitabının təqdimatı olub

İyunun 2-də Litvanın Edukologiya Universitetində litvalı tarixçi-alim Alqimantas Liyekisin “Millətlərin Qafqaza köçü. XX əsr” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Edukologiya Universitetinin rektoru Alqirdas Qaijutis və müəllim heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, tarixçilər, yerli media nümayəndələri iştirak ediblər.

Mərasimi açan Edukologiya Universitetinin rektoru Alqirdas Qaijutis kitabın müəllifini və qonaqları salamlayaraq bildirib ki, bu tədbirin keçirilməsində məqsəd kimisə qınamaq və ya günahlandırmaq deyil, bu tədbir həqiqətin axtarılması üçün bir fürsətdir. O, bir tərəfin deyil, bütün tərəflərin fikrinin öyrənilməsinin önəmini qeyd edərək Litvada ilk dəfə olaraq belə bir kitabın yazıldığını və nəşr etdirildiyini vurğulayıb və bunun sonuncu olmadığına inandığını bildirib.

Səfir Həsən Məmmədzadə çıxışında Litva tarixçisinin təkcə Ermənistan deyil, digər mümkün mənbələrdən də istifadə edərək Azərbaycanın və Ermənistanın tarixi ilə maraqlanmağa başlamasınının vacibliyini vurğulayıb. O, kitabın əhəmiyyətini qeyd edərək deyib: “Ən əsası odur ki, bu kitab Azərbaycan və Ermənistan tarixlərinə litvalıların birtərəfli yanaşmasını göstərir və hesab edirəm ki, ədalət prinsipi qorunur”. Səfir eyni səhvlərin təkrarlanmaması üçün tarixin öyrənilməsinin vacibliyini vurğulayıb.

Kitabın müəllifi Alqimantas Liyekis çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə necə maraqlanmağa başlaması və kitabın yazılma prosesi haqqında danışıb. Müəllif kitabın yazılmasında rus, ingilis, gürcü mənbələrindən istifadə etdiyini bildirib. O, Litvada hər iki ölkənin tarixi haqqında təhrif edilmiş məlumatların olduğunu vurğulayaraq deyib: “Litvada bəzən yanlış fikir formalaşır ki, bu məsələlərdə azərbaycanlılar günahkardırlar. Litvada bilmirlər ki, Yerevan nə vaxtsa Azərbaycana məxsus olub”. Müəllif ermənilərin qonşuları ilə normal münasibətlər qura bilməməsi, onlara torpaq iddiası etməsini iştirakçıların diqqətinə çatdırıb. Hətta tarixi araşdırarkən Azərbaycanın Dağlıq Qarabağı itirməsi ilə Litvanın da bir vaxtlar Vilnüs diyarını itirməsi arasında oxşarlığı tarixçi-alim iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra çıxış edən jurnalist Audris Antanaytis bu yaxınlarda Azərbaycana getdiyini, ancaq təəssüf ki, oraya yanlış yerdən səfər etdiyini və bu barədə səfirdən üzr istədiyi bildirib və bunun sadəcə bir jurnalist həvəskarlığı olduğunu qeyd edib. Həmçinin Qağlıq Qarabağa getməmişdən öncə bu kitabı oxumamasından da çox təəssüfləndiyini bildirib.

Yazıçı Yonas Ujurka isə çıxışında deyib ki, bu kitab işıq üzü gördükdən sonra Azərbaycan tarixini Litva tarixçilərinin də gözü ilə görmək olar.

Daha sonra çıxış edənlər müəllifin arxiv materiallarından istifadə edərək oxucular üçün zəruri, həqiqi faktlara əsaslanan bir kitabı ərsəyə gətirməsini yüksək qiymətləndiriblər.

2016-ci ilin mart ayında işıq üzü görmüş kitabda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İran ərazilərindən köçürüldüyü qeyd edilərək, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunur. Bu, litvalı tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan ilk kitabdır və Litva elmi ictimaiyyəti və oxucular tərəfindən maraqla qarşılanıb. Kitab rus dilinə də tərcümə edilib.

Beş yüz tirajla nəşr edilmiş kitabın 252-ci Litvanın şəhər kitabxanalarına verilib, qalan hissəsi isə Litva siyasətçiləri və tarixçiləri arasında paylanılıb. Kitabın elektron versiyası “elibrary.lt” (elektron kitabxana) internet portalında yerləşdirilib. Kitaba marağın böyük olduğu nəzərə alınaraq Litva dilində ikinci dəfə çap edilib.

Professor, elmlər doktoru Alqimantas Liyekis 43 monoqrafiyanın, 1400-dən artıq məqalənin, həmçinin 79 kitabın müəllifi və ya həmmüəllifidir. O, Elmşünaslıq İnstitutunun direktorudur. “Litva elmi” və “Litva xalqı” adlı yeddi elmi kitabın baş redaktoru olub. Onun tərəfindən yazılmış kitabların əksəriyyəti Litva xalqının və dövlətinin tarixindən bəhs edir.

Kitab haqqında Litvanın nüfuzlu “Literatura-menas” jurnalında, “Karştas komentaras” həftəlik qəzetinin 8,9, və 10 nömrələrində, “slaptai.lt” internet portalında məqalələr dərc olunub.

  

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti