news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 fevral 2026

Vilnüsdə Türk Dövlətləri Təşkilatı vasitəsilə əməkdaşlığın gücləndirilməsi mövzusunda panel müzakirə keçirilib

27 fevral 2026-cı il tarixində Vilnüs şəhərində Azərbaycan və Türkiyənin Litvadakı səfirliklərinin birgə təşəbbüsü, eləcə də Qazaxıstan və Macarıstan səfirliklərinin iştirakı ilə Türkdilli Dövlətlər Təşkilatının (TDT) Litvada təşviqi məqsədilə təqdimat xarakterli tədbir keçirilib.

Geosiyasət və Təhlükəsizlik Araşdırmaları Mərkəzində (GSSC) təşkil olunan “Türk Dövlətləri Təşkilatı vasitəsilə əməkdaşlıq və bağlantıların gücləndirilməsi – Türk dövlətləri ilə Baltikyanı region arasında daha yaxın əlaqələr üçün imkanlar” mövzusunda panel müzakirədə Azərbaycan, Türkiyə və Qazaxıstanın Litvadakı səfirləri Tamerlan Qarayev, Esra Toplu və Timur Urazayev, Macarıstan səfirliyinin müvəqqəti işlər vəkili Denes Andras Nagy, Litva XİN rəsmiləri, akademiklər, nəqliyyat və enerji sahəsi üzrə ekspertlər iştirak ediblər.

Paneldə əsas çıxışlar TDT Baş katibinin müavini Ömər Kocaman, TÜRKPA-nın Baş katibi Ramil Həsən, Azərbaycan Milli Məclisinin deputatı və TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr üzrə komissiyasının üzvü Cavanşir Feyziyev, eləcə də Litva Xarici İşlər Nazirinin müavini Taurimas Valis tərəfindən edilib.

TDT Baş katibinin müavini Ö. Kocaman çıxışında qurumun artan geosiyasi və iqtisadi əhəmiyyətini qeyd edərək, TDT-nın 55-dən çox əməkdaşlıq layihəsi ilə fəaliyyət göstərən, korporativləşmiş və nəticəyönümlü bir hökumətlərarası təşkilata çevrildiyini vurğulayıb. O, xüsusilə ticarət, enerji, rəqəmsallaşma, innovasiya və nəqliyyat sahələrində Litva ilə əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.

Orta Dəhlizi (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Asiya ilə Avropanı birləşdirən etibarlı və rəqabət qabiliyyətli bir ticarət xətti kimi təqdim edən Ö.Kocaman, TDT üzv dövlətləri arasında koordinasiyanın artması nəticəsində infrastruktur tutumunun, gömrük uyğunlaşdırılmasının və rəqəmsal tranzit sistemlərinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini, bunun isə Litva da daxil olmaqla avropalı tərəfdaşlarla əməkdaşlıq üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb. O, həmçinin yaşıl enerji, multimodal nəqliyyat mərkəzləri və rəqəmsal tranzit sistemləri sahələrində konkret əməkdaşlıq potensialını vurğulayıb. Üçüncü tərəflərlə korporativ qarşılıqlı əlaqənin gücləndirilməsinin faydalı ola biləcəyini qeyd edərək, TDT-nın Avropa tərəfdaşları ilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq üçün effektiv platforma olduğunu bildirib.

TÜRKPA-nın Baş katibi R.Həsən çıxışında Baltikyanı ölkələrin uzun müddət regionları birləşdirən körpü rolunu oynadığını vurğulayıb. O, Azərbaycan və Qazaxıstanın Avropanın enerji təhlükəsizliyində artan rolunu, xüsusilə Türkiyə vasitəsilə təmin etdikləri töhfələri diqqətə çatdırıb. Eyni zamanda türkdilli ölkələrin strateji mövqeyini Avropa və Asiyanı birləşdirən körpü kimi qiymətləndirərək, bazar və nəqliyyat dəhlizləri vasitəsilə regionda sabitliyin təmin edilməsində rolunu qeyd edib.

R.Həsən, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə ilkin razılaşmaların regionda formalaşan iqtisadi və enerji təşəbbüslərinə imkan yaratdığını bildirib. O, “Baltik Dəmiryolu” (Rail Baltica) layihəsinin Avropa və Avrasiya dəhlizlərini birləşdirərək Baltik regionunun strateji qapı rolunu gücləndirdiyini qeyd edib. TÜRKPA-nın formalaşdırdığı model qanunların milli qanunvericiliklərin uyğunlaşdırılmasına töhfə verdiyini, bu çərçivədə ratifikasiya olunmuş sənədlərin əməkdaşlığı sürətləndirdiyini vurğulayıb.

Milli Məclisin deputatı C.Feyziyev çıxışında Azərbaycanın TDT çərçivəsində xüsusi rolunu qeyd edərək, ölkəmizin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının keçid nöqtəsi olduğunu və regionun əsas logistika mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. O, Cənub Qaz Dəhlizi kimi layihələrin Avropa və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini xüsusi olaraq qeyd edib. C.Feyziyev həmçinin Orta Dəhlizin Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə və Avropaya uzanan strateji əhəmiyyətini açıqlayıb və bu marşrutun həm türk dövlətləri, həm də Aİ üçün etibarlı və şaxələndirilmiş tədarük imkanları yaratdığını vurğulayıb.

Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında Azərbaycanın TDT çərçivəsindəki rolunu və regiondakı strateji mövqeyini vurğulayıb. O, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsini qeyd edərək, ölkəmizin regionun əsas logistika və enerji mərkəzlərindən birinə çevrildiyini bildirib. C. Feyziyev Cənub Qaz Dəhlizi layihəsi və digər enerji təşəbbüslərinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi olaraq diqqətə çatdırıb. O, həmçinin Orta Dəhlizin türk dövlətləri və Avropa üçün strateji əhəmiyyətini vurğulayaraq, bu marşrutun ticarət və enerji sahələrində əməkdaşlıq imkanlarını genişləndirdiyini qeyd edib. Deputat çıxışında Türk dövlətləri ilə Avropa arasında əməkdaşlığın gələcəkdə qarşılıqlı etimad, ortaq maraqlar və davamlı inkişaf prinsipləri əsasında daha da inkişaf etdirilə biləcəyini də bildirib.

Panel müzakirədə Türk dövlətləri ilə Baltikyanı ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi, enerji, nəqliyyat və iqtisadi layihələrdə birgə fəaliyyətin artırılması üçün imkanların mövcudluğu da qeyd olunub

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti