Hörmətli vətəndaşlarımız,
Diqqətinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Səfirliyin konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarını konsulluq uçotuna alır. Gürcüstanda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması onların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.
Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması ödənişsiz yerinə yetirilir.